Azərbaycan məscidlərində Türkiyə şəhidlərinə qiyabi cənazə namazı qılınıb
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şəki şəhərində dini icma rəhbərləri və ictimaiyyət nümayəndələri ilə görüşüblər.
APA TV-nin məlumatına görə, görüşdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı təəssüflə bildirib ki, hazırda dünyada olan münaqişələrin böyük hissəsi müsəlman dünyasına aiddir. O, İslam dünyasında belə hadisələrin baş verməməsi üçün əməli tədbirlərin həyata keçirilməsinin vacibliyini önə çəkib.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, müfti Salman Musayev dövlətin dindarlar üçün hər cür şərait yaratdığını bildirib, din adamlarına bunu layiqincə qiymətləndirməyi tövsiyə edib.
Sovet dövründə dini təhsil verən ali məktəblərin açılmasının çətin olduğunu diqqətə çatdıran QMİ sədri bu baxımdan Azərbaycanın rayonları içərisində Şəkidə fəaliyyət göstərən İslam Mədrəsəsinin çox böyük əhəmiyyət daşıdığını bildirib, savadlı din xadimlərinə böyük ehtiyac duyulduğunu vurğulayıb.
Şeyxülislam və onu müşayiət edən şəxslər daha sonra Şəki şəhər Cümə Məscidində cümə namazı qılıb. Cümə moizələrində Türkiyədəki məlum hadisə zamanı həlak olanların ruhu yad edilərək dualar oxunub, qiyabi cənazə namazı qılınıb.
Bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin göstərişi ilə bu gün Azərbaycan məscidlərində Türkiyədə hərbi çevriliş cəhdinin qarşısı alınarkən həlak olanlar yad edilərək dualar oxunub, qiyabi cənazə namazı qılınıb.
Şəki səfərindən sonra Allahşükür Paşazadə və Mübariz Qurbanlı Qax şəhərində dini icma rəhbərləri və ictimaiyyət nümayəndələri ilə görüş keçirib.