Ziyafət Əsgərov: “Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verməyə hazırıq”
“Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mərhələli həllini dəstəkləyirik”. Bunu APA TV-yə açıqlamasında Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Z.Əsgərov bildirib ki, Azərbaycan ikinci süni erməni dövlətinin yaradılmasına imkan verməyəcək: “Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Amma biz onlara Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusu verməyə hazırıq. Bu, bizim birdəfəlik mövqeyimizdir”.
Azərbaycan prezidenti İlham Əliyevin bu yaxınlarda təsdiqlədiyi protokolu şərh edən vite-spiker qeyd edib ki, Azərbaycan ərazisində Türkiyənin heç bir hərbi bazası yaradılmır: "Cənab prezident sadəcə iyunun 3-də imzalanmış sənədi təsdiq edib".
O qeyd edib ki, protokola əsasən, Bakı yaxınlığında bir ərazinin Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə verilməsi hərbi baza hesab olunmur: “İndi NATO-nun təyyarələri Azərbaycan ərazisindən Əfqanıstana uçur. Bizim sülhməramlıları Əfqanıstana aparan Türkiyə təyyarələrinin hərbi pilotları həmin ərazidə istirahət edəcəklər. Burada, sadəcə, bir neçə otaqdan söhbət gedir, hərbi bazadan yox".