Ali Media Mükafatı laureatlarına təqdim edildi
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə keçirilmiş fərdi jurnalist yazı müsabiqəsinin qalibləri və Mətbuat Şurasının Ali Media Mükafatının laureatları təltif olunub.
APA TV-nin xəbərinə görə, bu münasibətlə təşkil olunan mərasimi giriş sözü ilə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli açıb.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, “Əkinçi” qəzeti Azərbaycan mətbuatının inkişafında, Azərbaycan xalqının dirçəlişində mühüm rol oynayıb.
Sonra söz Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova verilib. O, Azərbaycan milli mətbuatının 141 yaşının tamam olması münasibətilə bütün media nümayəndələrini, jurnalistləri təbrik edib.
Azərbaycan mediasının tarixinə ekskurs edən Ə.Həsənov xatırladıb ki, 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas-alim, maarifçi və publisist Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin ilk nömrəsini nəşr etdirməklə Azərbaycan milli mətbuatının əsasını qoyub.
Müasir dövr jurnalistikasından bəhs edən Ə.Həsənov qeyd edib ki, bu gün Azərbaycanda əsası Heydər Əliyevin tərəfindən qoyulmuş media siyasəti və ənənələri prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillərlə təmin edilir. Bilirsiniz ki, 2013-cü ildə jurnalistlərə 156 mənzil verilib, cari ilin sonuna isə daha 256 mənzilin jurnalistlər arasında bölüşdürülməsi məsələsinə baxılacaqdır. Ümid edirik ki, bu, hələ son deyil”.
Sonda Mətbuat Şurasının Ali Media Mükafatının laureatlarının təntənəli mükafatlandırılma mərasimi keçirilib.
İlk olaraq Ali Media Mükafatının 3-cü dərəcəsi üzrə - media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətlərinə görə təltif olunan “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli, “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan, jurnalist-publisist Aida Eyvazova, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova və jurnalist-publisist Rəşid Hüseynov mükafatlandırılıblar.
Azərbaycan həqiqətlərinin təbliğindəki xidmətlərinə görə təltif olunan Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunan Bakı Media Mərkəzinin redaktoru Müsəllim Həsənova Ali Media Mükafatının 2-ci dərəcəsi üzrə mükafatlar təqdim edilib.
Sonda Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin yaradıcılığından bəhs edən “İşığa gedən yol” romanına görə Ali Media Mükafatının 1-ci dərəcəsi üzrə laureatı və qalibi, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevaya mükafat təqdim edilib.
Tədbir bədii hissə ilə davam etdirilib.