Zaqatala və Balakəndə qasırğa: evlərin damı uçdu, elektrik xətləri qırıldı

Qasırğa Zaqatala və Balakən rayonlarında ciddi fəsadlar törədib. APA TV-nin məlumatına görə, iyulun 22-də axşam saat 19:00 radələrində Zaqatala və Balakən rayonları ərazisində qeyri-sabit hava şəraiti hökm sürüb, qısamüddətli qasırğa baş verib, leysan yağıb.

 

Qasırğa əsasən Zaqatala şəhərinə və rayonun Yuxarı Tala kəndinin dağətəyi hissəsinə ciddi ziyan vurub. Qasırğa nəticəsində yaşayış və inzibati binaların, fərdi yaşayış evlərinin dam örtüyünə ciddi ziyan dəyib, bir sıra ərazilərdə irigövdəli ağaclar aşıb. Rabitə və elektrik naqilləri qırılıb. Bir çox maşınların üzərinə dam örtüyü düşməsi nəticəsində ciddi ziyan dəyib. Rayonun bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Rayon rəhbərliyi, Fövqəladə Hallar Komissiyasının nümayəndələri və müvafiq qurumlar axşam saatlarından başlayaraq fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görür və dəymiş ziyan hesablanır.

 

Titr: Tofiq Əhmədov-Zaqatala rayon Fövqəladə Hallar Komissiyasının sədri

 

Qasırğa və leysan yağışı Balakən rayonunda da ciddi fəsadlar törədib. Qasırğa Balakən Rayon Mərkəzi Xəstəxanasının dam örtüyünün 60 faizini qopararaq yerə salıb. Xəstəxananın 3-cü mərtəbəsində yerləşən əməliyyat blokunun avadanlıqlarına leysan nəticəsində ciddi ziyan dəyib.

 

Qazbinə kənd tam orta məktəbinin idman korpusunun, 51 saylı Yol İstismar İdarəsinin  əsas və köməkçi binalarının, eləcə də bir sıra sosial obyektlərin və fərdi yaşayış evlərin dam örtüklərinə ciddi ziyan dəyib.

 

Qasırğa rayonun elektrik və rabitə sisteminə də ziyan vurub, rayonun 70 faizinə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Vəziyyətlə əlaqədar olaraq rayonda təbii qazın verilişi dayandırılıb.

 

Rayonda müvafiq qurumları tərəfindən fəsadların ardan qaldırılması üçün tədbirlər görülür.

Müəllif | Apa.Tv
Apa.tv