Azərbaycandan Rusiyaya növbəti NOTA

Azərbaycan Rusiyaya ikinci dəfə nota verib. Bu barədə APA TV-nin Moskva müxbirinə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, Azərbaycan diplomatları hələ də Yeqor Şerbakovun qətlində günahlandırılan Azərbaycan vətəndaşı Orxan Zeynalovla görüşə bilməyiblər.

 

Bu səbəbdən Azərbaycan səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə Orxan Zeynalovla görüşə şərait yaradılması ilə bağlı təkrar nota göndərib.

Bundan başqa, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə də məktub ünvanlanıb.

 

Rusiyanın bir sıra hüquq müdafiəçiləri Azərbaycanın Rusiyadakı səfirliyinə qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalova qarşı edilən kobud rəftarla bağlı şikayət ediblər. Səfirliyə daxil olan şikayət məktublarında Orxan Zeynalov həbs edilərkən əqsirsizlik prezumpziyasının tələblərinin ciddi pozulduğu qeyd olunub. Səfirlik şikayət məktubların birinin mətnini açıqlayıb. Məktubda deyilir: “Polisinin hərəkətinə, əli qandallı adamı təpik altına salmasına heç bir hüquqi qiymət vermək olmur. Saxlanılan şəxsin əvvəlcədən günahkar kimi qələmə verilməsi qanunauyğun deyil. Ona görə də, mən Antonov Sergey Mixayloviç Rusiyada belə hökumətin və hüquq-mühafizə orqanlarının olduğuna görə üzr istəyirəm. Biz rusiyalılar da hökumət strukturlarının qeyri-professionallığından və insan hüquqları sahəsində özbaşınalıqdan əziyyət çəkirik.

 

Şəxsən mən, sizin həmyerlinizin Kolokoltsevin və onun rəhbərlərinin qarşısında köməksiz vəziyyətdə qalmasından kədərləndim. Mən azərbaycanlılarla bir yerdə çalışmışam. Onlar haqqında heç bir pis şey deyə bilmərəm. Lakin heç vaxt ermənini “xarrat dəzgahı”nın arxasında görməmişəm. Hesab edirəm ki, bazarlara olan hücum və sizin vətəndaşınızın həbs olunması növbəti konfliktin alovlandırılması üçün dəqiq planlaşdırılmış aksiyadır.

 

Sizdən xahiş edirəm ki, həmyerlinizi çətin vəziyyətdən çıxmağa yardım edəsiniz".

 

Müəllif bildirib ki, müdafiəsiz insanı şillə-təpik altına salan polislərə qarşı beynəlxalq səviyyədə bütün tədbirlər görülməlidir.

 

Müəllif | Apa.Tv