Lənkəranda dəhşətli qəza: 2 ölü, 1 yaralı

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə Ələt-Astara magistralının rayonun Xanbulan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Lənkəranın Xanbulan kənd sakini, 58 yaşlı Fikrət Məhərrəm oğlu Abdullayevin idarə etdiyi  Rusiya Federasiyasına məxsus "VAZ-21099" markalı, "c 047 by 777" dövlət nömrə nişanlı minik avtomobili qarşı tərəfdən gələn Astara rayon sakininin idarə etdiyi "Ford" markalı, 07 BG 455 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Güclü zərbədən "VAZ-21099"-un sürücüsü və həmkəndlisi olan sərnişini, 68 yaşlı İmran Ağacan oğlu Dövlətov aldıqları çoxsaylı bədən xəsarətlərindən hadisə yerində dünyalarını dəyişiblər.

 

Minik avtomobilinin digər sərnişini, rayonun Xanbulan kənd sakini, 68 yaşlı Xanəli İnətullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralıya müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, vəziyyəti hazırda ağır qiymətləndirilir.

 

Qəza zamanı həmçinin hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

 

İlkin versiya kimi qəzanın hər iki avtomobilin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri isə həyata keçirilən avto-texniki ekspertizanın yekun rəyindən sonra məlum olacaq.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv