23 iyul, Ağdam. 23 il Ağdamsız... - REPORTAJ
Ağdamsız daha bir ili geridə qoyduq. Bu gün Ağdamın ermənilər tərəfindən işğalından 23 il ötür.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, işğal nəticəsində Ağdam şəhəri də daxil olmaqla 80 kənd düşmənin nəzarətinə keçib. 147 min nəfər əhalisi olan rayonun 1154 kv. km ərazisinin 882 kv. km-i zəbt edilib. Bu yaşayış məntəqələrindən 128 min nəfər doğma ev-eşiyindən didərgin düşüb. Qarabağ savaşında Ağdam rayonu 6 min nəfərdən çox şəhid verib. olub. İşğal nəticəsində rayona 13 milyard 135 milyon ABŞ dolları ziyan dəyib.
Hüseynovlar ailəsi uzun illərdir öz dədə-baba yurdundan kənarda məcburi köçkün həyatı yaşayır. Ailənin qızı Fatimənin 19, onların Ağdam dərdinin isə 23 yaşı var, hazırda Şuşa musiqi kollecində təhsil alır. O, valideynlərinin doğulub boya-başa çatdığı Şıxbabalı və Əhmədavar kəndlərini hələ də görə bilməyib: "Qohumlarla, ailə ilə birlikdə oturanda Ağdam yada düşür. Anamın ağlamağı, atamın üzülməyi olur. Əlbəttə ki, hər an bizim qəlbimizdədir Ağdam. Ağdam həsrəti bizim üçün çox böyük dərddir. Mənim 19 yaşım var, mənim ailəmin dərdi mənim yaşımdan çoxdur. Artıq 23 ildir ki, biz Ağdam həsrəti çəkirik".
Ağdamlı gənclərin ürəyi hər an Azərbaycan torpaqlarının bütövlüyü üçün döyünür. Ramin Qasımov ailəsi ilə birlikdə Ağdamı tərk edəndə cəmi 8 yaşı olub: "Təbii ki, bu gün bizim üçün, hər bir ağdamlı, qarabağlı üçün ağır günlərdən biridir. Ağdam işğal olunanda mənim 8 yaşım olub. Tam da olmasa, Ağdam xəyalımdadır. Ona baxmayaraq biz ağdamlılar hər an Ağdamın işğaldan azad olmasını gözləyirik. Ali Baş Komandan əmri ilə işğal altında olan torpaqların azad olunmasını gözləyirik. Bu gün tək Ağdamın yox, Ağdamın ətrafında olan digər Qarabağ torpaqlarının da azad olunmasına daim hazırıq. Hər birimiz üçün ağırdır. Bir ağdamlı gənc kimi üçün də ağırdır ki, biz Ağdamsız yaşayırıq. Ali Baş Komandan əmr verənə kimi dözməliyik. Əminəm ki, Ali Baş Komandan əmr verən gündən etibarən biz Ağdamı və işğal altında olan bütün rayonları qısa müddətdə azad edəcəyik".
Ağdamın işğal olmasının 23 illiyi münasibətilə rayon ictimaiyyəti bir araya gəlib. Ağdamlılar torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətən oğullarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək, onların ruhuna dualar oxuyublar.
Şəhid atası Eldar Əhmədov savaşa hər an hazır olduğunu deyib: "Bir şəhid atası kimi onu deyə bilərəm ki, bu 23 ildə hər açılan səhəri mən istəmişəm ki, Ağdamın Saybalı kəndində açılsın. Ona görə ki, ora bizim doğma torpaqlarımızdır. Mən fəxr edirəm ki, oğıum vətən yolunda şəhid olub. 2 oğlum və mən özüm də bir o qədər qocalmamışam, oğlanlarımın önündə torpaqlarımızı azad etməyə hazıram".