Şamaxıda 3 şəhidin medalları valideynlərinə təqdim olundu
Düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun əsgəri, 1994-cü il təvəllüdlü Samir Ziyəddin oğlu Kaçayev “İgidliyə görə” medalına layiq görülüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhidin layiq görüldüyü medal iyulun 23-də Şamaxı rayon İcra Hakimiyyətində təşkil olunan mərasimdə onun ailəsinə təqdim edilib.
Tədbirdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək, ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb, aprelin əvvəllərində cəbhə bölgəsində döyüşlərdə Milli Ordumuzun qazandığı uğurları diqqətə çatdırıblar. Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan və Şamaxı rayonunun Çuxuryurd kəndindəki məzarlıqda dəfn edilən Samir Kaçayevin daim xatirələrdə yaşayacağı, onun qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğu bildirilib.
Daha sonra şəhidin layiq görüldüyü medal onun atası Ziyəddin Kaçayevə təqdim olunub. Şəhidin atası Ziyəddin Kaçayev torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini, onun qalib əsgər kimi şəhid olduğunu söyləyib. Tədbirdə aprelin əvvəlində ordumuzun uğurlu döyüş əməliyyatlarından bəhs edən film nümayiş olunub.
Qeyd edək ki, şəhid Samir Kaçayev ötən ilin iyulunda Şamaxı rayonundan hərbi xidmətə yola salınıb. O, cəbhənin Tərtər rayonu istiqamətində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub. Doqquz ay idi ki, hərbi xidmətdə olan Samir Kaçayev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu idi. O, bu ilin iyulunda hərbi xidmətini başa vuracaqdı.
Eyni zamanda mərasimdə Azərbaycan Ordusunun şəhid olan əsgərləri - 1997-ci il təvəllüdlü Elşən Səlim oğlu Səmədov və 1997-ci il təvəllüdlü Nazim Nadir oğlu Zəkarayevin layiq görüldüyü “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medallar isə onların anasına təqdim olunub.
Qeyd edək ki, Elşən Səmədov və Nazim Zəkarayev 2015-ci ildə Şamaxı rayonundan hərbi xidmətə yola salınıb. Onlar aprelin əvvəlində cəbhənin Tərtər-Ağdərə istiqamətində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.