Tovuzda iki ev yandı: ev sahibinin cəsədi asılmış vəziyyətdə tapıldı
Tovuzda iki evdə yanğın olub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisələr rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb.
Yanğınlardan biri şəhər sakini Vidadi Allahverdiyevə məxsus evdə baş verib. Hadisə yerinə gələn 3 yanğınsöndürmə maşın və canlı qüvvənin səyi nəticəsində alov söndürülüb.
Qeyd edək ki, evin həyətində 1959-cu il təvəllüdlü ev sahibi Vidadi Allahverdiyevin asılmış meyiti aşkarlanıb. Yanğın iki mərtəbəli 6 otaqlı evin 80 kvadratmetr sahəsini yararsız hala salıb.
Başqa bir yanğın hadisəsi isə Qovlar şəhərində Xəqani Əsgərovun mənzilində qeydə alınıb. Hadisə yerinə Tovuz rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürmə maşını və canlı qüvvəsi cəlb edilib. Evin 40 kvadratmetr sahəsi yanaraq sıradan çıxıb.
Qeyd edək ki, X.Əsgərov DYP-nin Tovuz rayonunda yerləşən 10 saylı Rayonlararası Qeydiyyat və İmtahan Şöbəsinin rəisidir.
Yanğının səbəbləri araşdırılır.