Şamaxıda iki maşın toqquşdu: 1 ölü, 2 yaralı
Şamaxı rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 8:30 radələrində Şamaxı-Göylər avtomobil yolunda qeydə alınıb.
1978-ci il təvəllüdlü rayon sakini Soltanov Natiq Tapdıq oğlunun idarə etdiyi 56 BG 132 dövlət nömrə nişanlı “VAZ-2106” markalı minik avtomobili qarşı tərəfdən gələn 1962-ci il təvəllüdlü Nəbiyev Pənah Qədir oğluna məxsus 56 BG 014 dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ-2106”-nın sürücüsü Natiq Soltanov və sərnişini, 1985-ci il təvəllüdlü Əliyev Arif Şahlar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. “VAZ-2107”nin sürücüsü Pənah Nəbiyev isə aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.