"G20" liderləri bəzi ölkələri "qara siyahı"ya salacaq

G20 zonasına daxil olan ölkələrin maliyyə nazirləri 23-24 iyul tarixləri arasında Çinin Çendu şəhərində  bir araya gəlib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, sammit zamanı tərəflər beynəlxalq maliyyə arxitekturasının yenidən qurulması, vergidən yayınma və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə məsələlərini müzakirə edib.

 

Görüşün yekunlarına əsasən, nazirlər və Mərkəzi Bank rəhbərləri eyni zamanda 4-5 sentyabr tarixlərində Xançjou şəhərində keçirilməsi planlaşdırılan "Böyük 20-lik ölkələri" sammitinin gündəliyini də müəyyənləşdirib. Belə ki, "G20" ölkələrinin növbəti sammitinin gündəliyindəki əsas məsələ innovativ, sağlam, əlaqəli və inklüziv dünya iqtisadiyyatı modelinin formalaşdırılması olacaq.


Eyni zamanda sammit çərçivəsində "Böyük 20-lik" liderləri 2017-ci ilədək vergi məlumatlarının mübadiləsini həyata keçirməyən ölkələrin "qara siyahısını" da müəyyənləşdirəcəklər.
 

Müəllif | Apa.Tv
Apa.tv