Çavuşoğlu: "Yunker Türkiyənin ağası deyil"
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Komissiyasının sədri Jan Klod Yunkerin Türkiyənin ölüm cəzasını bərpa edəcəyi təqdirdə ölkənin ittifaqa üzvlüyü məsələsinin sual altına düşəcəyi ilə bağlı dediklərinə münasibət bildirib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, nazir ölkəsi ilə təhdid dilində danışılmasının qəbuledilməz olduğunu deyib: "İstənilən şəxs edam cəzasının bərpası ilə bağlı fikir bildirə bilər. Amma kimsənin bizimlə təhdid dilində danışmasına yol verilməyəcək. Jan Klod Yunker Türkiyənin ağası deyil. Ona görə də Türkiyəyə yuxarıdan aşağı baxaraq danışmağa haqqı yoxdur. Bunu əsla qəbul etməyəcəyik".
Mövlud Çavuşoğlu həmçinin Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi məsələsinə də toxunaraq, rəsmi Ankaranın bu istiqamətdəki işləri daha da sürətləndirdiyini dilə gətirib.
Türkiyəli nazir rəsmi Vaşinqtonun F.Güləni verməyəcəyi təqdirdə atılacaq addımlara da toxunub, Vaşinqtonun bu hərəkətinin ölkələrarası münasibətlərə təsir göstərəcəyi mesajını verib.