Mağazaya işə düzəldi, 1 saat sonra 850 manat oğurladı

Bakının Səbail rayonu ərazisində, Bül-Bül prospekti 10 ünvanında, oğurluq hadisəsi baş verib.

 

APA TV-nin xəbərinə görə, hadisə “Sahil” metro stansiyası ilə üzbəüz yerləşən “Sahil market”də qeydə alınıb.

 

Mağazanın sahibi Ceyhun Babayev deyir ki, günorta saatlarında mağazaya bir gənc oğlan yaxınlaşaraq, kassir işləməyi bacardığını və iş axtardığını deyib. Mağazanın sahibi onu işə götürüb. Bundan sonra heç adını belə dəqiq bilmədiyi işçinin nəzarətdə saxlanılması üçün mağazada olan digər şəxsə tapşırıq verib.

 

İşə başlayandan cəmi 1 saat sonra Xaliq adlı şəxs kassada olan 850 manatı götürərək mağazanı tərk edib. İçəridə olan işçilər onun arxasınca bayıra çıxsalar da, tuta bilməyiblər. Ancaq oğurluğu törədən şəxs mağazada olan təhlükəsizlik kamerasına düşdüyündən, onu tapmaq çətin olmayıb.

 

Şübhəli şəxs Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv