İrəvanda silahlı şəxslər üç polis maşınını yandırdı
İrəvanda Post Patrul Xidmətinin binasını ələ keçirən silahlı şəxslər iki polis maşınını və bir avtobusu yandırıb.
APA TV-nin erməni mətbuatına istinadən xəbərinə görə, Ermənistan Polisinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aşot Aqaronyan bildirib ki, nəqliyyat vasitələrinə od vurduqdan sonra həmin şəxslər əraziyə maşın təkərləri gətirərək yandırıb və üzərinə patronlar atıblar. Bu isə yaxınlıqda yaşayan sakinlərin həyatına ciddi təhlükə törədib.
Polis hadisəni törədən qrupun üzvlərinə müraciət edərək, belə addımlardan çəkinməyə çağırıb.
"Sasna-tsrer" qrupunun üzvləri bundan əvvəl də polis maşınlarını yandırıb. Onlar bu addımı ərazidə elektrikin və internetin dayandırılmasına qarşı etiraz əlaməti olaraq atdıqlarını deyiblər.
Qeyd edək ki, iyulun 17-də silahlı qrup İrəvanın Erebuni rayonunda polis şöbəsini ələ keçirib və bir neçə əməkdaşı girov götürüb. Silahlılar daha sonra ora danışığa gələn Ermənistan Polisinin rəis müavini Vartan Yegizaryanı və İrəvan polisinin rəis müavini Valeri Osipyanı da girov saxlayıb. "Sasna-tsrer" qruplaşması həbs olunmuş I Qarabağ müharibəsinin veteranı Jirayr Sefilyanın azad olunmasını tələb edir.
Xatırladaq ki, silahlılar iyulun 23-də girovların hamısını sərbəst buraxıb.