Azərbaycan prezidenti İlham Əliyev and içdi
Azərbaycan Respublikasının prezidenti seçilmiş İlham Əliyevin Milli Məclisdə təntənəli andiçmə mərasimi keçirilib.
Mərasimdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları, siyasi partiyaların, ictimai təşkilatların, ölkə ictimaiyyətinin nümayəndələri, xarici ölkələrin səfirləri iştirak ediblər. Əvvəlcə Azərbaycan prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olunub. Silahlı Qüvvələrin əsgərləri dövlət bayrağını və prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olunublar. Fərhad Abdullayev bildirib ki, Konstitusiya Məhkəməsi 2013-cü il 19 oktyabr tarixli qərarı ilə pezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, İlham Heydər oğlu Əliyevi Azərbaycan prezidenti elan edib.
Daha sonra o, prezidenti seçilmiş İlham Əliyevi Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət edib. İlham Əliyev əlini Konstitusiyanın üzərinə qoyaraq and içib.
Azərbaycanın dövlət himni səslənib.
Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içib.
Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpüb.
Dövlət bayrağı və prezidentinn ştandartı (bayrağı) səhnədən aparılıb.
Prezident İlham Əliyev andiçmə mərasimində geniş nitq söyləyib.
Prezident İlham Əliyev andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.