Azərbaycanlı ilə ailə qurmaq istərdiniz, yoxsa əcnəbi ilə? - SORĞU

SSRİ dövründə azərbaycanlıların əcnəbilərlə evlənməsi faktına az rast gəlinirdi. Bu evliliklər daha çox rus qadınları ilə olurdu. Qızlarımızın əcnəbilərlə evlənməsi isə çox nadir hadisələrdən sayılırdı. Müstəqillik illərində bu tendensiya dəyişdi. Azərbaycanlı oğlanlar sovet dönəmi ilə müqayisədə əcnəbi qadınlarla daha az evlənməyə başladılar. Qızlarımıza gəlincə, onların xarici vətəndaşlarla evlilik statistikasında ciddi artım qeydə alındı. Bu sırada Türkiyə və İran vətəndaşları üstünlük təşkil etsə də, ingilis, ərəb və digər millətlərin nümayəndələri ilə ailə quran xanımlar da az olmadı.

 

Bəs görəsən, indiki gənclər kiminlə ailə qurmaq istərdi - azərbaycanlı ilə, yoxsa əcnəbi ilə? APA TV bu sualla paytaxtda sorğu keçirib.

 

- Yəqin ki, azərbaycanlı ilə. Çünki öz millətimiz daha yaxşıdır.

 

- Azərbaycanlı ilə. Azərbaycanlı daha yaxşıdır, bizim ənənəni başa düşər.

 

- Azərbaycanlı ilə. Səbəbi yoxdur.

 

- Heç biri ilə. Mən ailə həyatı qurmaq istəmirəm.

 

- Azərbaycanlı ilə. Əcnəbi uyğun deyil mentalitetə. Baxma da, bizim yeməkləri bişirə bilməz. O ki, dolma yemədin...

 

- Azərbaycanlı ilə. Çünki öz millətimizi tanıyırıq, bələdik, bilirik ki necədirlər. Xariciləri bilmirik axı. Xariciləri bilmək olmur necə insandırlar, necə həyat sürürlər. Amma azərbaycanlıları bilmək olur.

 

- Artıq azərbaycanlı ilə qurmuşam, çox xoşbəxtəm. Xarici ilə ailə həyatı qurmaq fikrim olmayıb.

 

- Əlbəttə ki, azərbaycanlı ilə. Həm öz mədəniyyətimizə layiq xanım olar, həm də mənim dilimi başa düşər, mən onun dilini başa düşərəm. Fərqli mədəniyyətlərə malik olan insanlar çətin anlaşa bilirlər.

 

- Azərbaycanlı ilə. Əcnəbini tanımaq olmur, ölkəsi yad, milliyyəti yad. Məncə, azərbaycanlı daha yaxşıdır.

 

- Yəqin ki, azərbaycanlı ilə. Çünki öz yerlimdir.

 

- Əlbəttə ki, azərbaycanlı ilə. Öz millətimizdir.

 

- Azərbaycanlı ilə. Mentalitetimiz uyğundur, bir-birimizi yaxşı başa düşərik, ona görə.

 

- Azərbaycanlı ilə, çünki bizdə mentalitet belədir. Biz belə görmüşük, belə də davam edəcək.

 

- Azərbaycanlı ilə. Çünki başqa dil bilmirəm.

 

- Fərqi yoxdur, əsas özü yaxşı adam olsun. Amma xarici ilə yaxşı olardı. Məncə, xaricdə yaşamaq buradan daha yaxşıdır.

 

- Xarici ilə istəyərdim. Xaricdə yaşamaq üçün, maraqlıdır da.

 

- Əcnəbi ilə yəqin ki. Çünki daha rahat olar həyat, məncə, nəinki azərbaycanlı ilə. Bizimkilər bir az daha çox sıxırlar.

 

 

Müəllif | Apa.Tv
Apa.tv