Sumqayıtda “Karvan” Ticarət Mərkəzi külə dönüb – DƏHŞƏTLİ YANĞIN
Sumqayıtda dəhşətli yanğın baş verib. Saat 19.00 radələrində şəhərin mərkəzində yerləşən "Karvan" Ticarət Mərkəzində güclü yanğın başlayıb. Yanğın qısa müddət ərzində mərkəzin ikinci və üçüncü mərtəbəsini əhatə edib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt bölməsinin qüvvələri yanğının söndürülməsinə cəlb olunublar, lakin qüvvələr kifayət etmədiyindən, Bakı və Abşerondan da əlavə briqadalar çağırılıb. Ümumilikdə, yanğının söndürülməsinə 30-dan çox yanğınsönüdürmə briqnadası cəlb olunub.
Sahibkarların mallarının içəridə qalması yanğınsöndürənlərin və xilasedicilərin işini xeyli çətinləşdirib. Vətəndaşlar içəri daxil olmaq və yanmayan malları çıxarmağa cəhd ediblər. Bu isə xeyli təhlükəli olub, yanğın get-gedə şiddətlənib, 2 və 3-cü mərtəbədən yanan taxtalar, şüşə parçaları tökülməyə başlayıb. Bəzi mağaza sahibləri daha təhlükəsiz yerlərdən mallarını çıxarmağa nail olublar.
Başqa bir problem isə özünü mağaza sahibi kimi təqdim edən adamların oğurluq məqsədilə ticarət mərkəzinə girməsi olub. Nəhayət, əraziyə əlavə polis qüvvələri və mülki müdafiə qoşunlarının hissələri gətirilib. Onlar ticarət mərkəzini dövrəyə alıb, kənar adamların binaya daxil olmasına imkan verməyiblər.
Nəhayət, saat 23.00 radələrində yanğının qarşısı alınıb. Yanğın söndürüldükdən sonra fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev hadisə ilə bağlı jurnalistlərə açıqlama verib
Nazir müavini bildirib ki, yanğının dəqiq səbəbi araşdırmalardan sonra məlum olacaq.