Türkiyə prezidenti: "Avropalılar çox danışmaqdansa, borclarını ödəsinlər"
Türkiyə prezidenti Avropaya 3 milyard avro barədə borcu xatırladıb. APA TV-nin məlumatına görə, Ərdoğan bu xatırlatmanı Almaniyanın ARD telekanalına müsahibəsində edib.
O bildirib ki, Avropa İttifaqı indiyə qədər Ankaraya miqrantların qəbulu və yerləşdirilməsi üçün vəd etdiyi 3 milyard avronu ödəməyib. "Biz bu məbləğin çox kiçik bir hissəsini almışıq", - deyə o qeyd edib.
Prezident bildirib ki, Türkiyə 3 milyon qaçqını qəbul edib və onlara 12 milyard avro məsrəf edib: "Biz öz sözümüzü yerinə yetirdik, amma avropalılar yox".
Xatırladaq ki, Avropa İttifaqı ilə bu ilin 18 martında gəlinən razılığa əsasən Avropaya gedən miqrantları Türkiyə geriyə qaytaracağı barədə öhdəlik götürüb. Bunun müqabilində Ankaraya 3 milyard avro ödənilməli və Türkiyə vətəndaşlarının qısamüddətli səfəri üçün vizasız rejim tətbiq edilməlidir.
Mayın 11-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın terrorçuluqla mübarizə qanunvericiliyinə dəyişikliklərdən imtinasından sonra Avropa Parlamenti vizaların ləğvi prosesini dayandırıb. Növbəti gün isə Avrokomissiyanın prezidenti Jan-Klod Yunker rəsmi Ankaranın digər beş şərtə əməl etmədiyi halda ittifaqla Türkiyə arasındakı miqrasiya anlaşmasının pozula biləcəyini qeyd edib.