Səhiyyə naziri Şirvanda yaralılara baş çəkdi
Səhiyyə naziri Oqtay Şirəliyev Şirvanda baş verən partlayış zamanı yaralanan sakinlərə baş çəkib.
APA TV-nin məlumatına görə, nazir Şirvan şəhər xəstəxanasında yaradılmış operativ həkim briqadası ilə görüşüb.
O, xəstələrin vəziyyəti ilə maraqlanıb. Bütün lazımi tədbirlərin görülməsi və yaralıların dərman təchizatı ilə bağlı əlavə tədbirlərin görülməsinə göstəriş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, hadisə nəticəsində Şirvan Mərkəzi Rayon Xəstəxanasına 24 nəfər gətirilib. Onlardan 14 nəfəri ambulator yardım alaraq evə buraxılıb.
Hazırda xəstəxanada 10 nəfər müalicə alır. 3 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. 7 nəfərin isə xəsarətləri yüngüldür. Xəsarət alanlara zəruri tibbi yardım göstərilir.