Qusarda polisə silahlı basqın edən şəxslərdən ikisi ATIŞMADA ÖLDÜRÜLÜB

Qusarda keçirilən xüsusi əməliyyat nəticəsində oktyabrın 16-da polis əməkdaşlarına hücum edən cinayətkarlardan ikisi zərərsizləşdirilib. Qeyd edək ki, oktyabrın 16-da saat 08.00 radələrində Qusar şəhərində Edik Rüstəmov valyutadəyişmə məntəqəsində işləyən Sadir Mustafayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirərək üzərində olan 6000 min manatı qarət yolu ilə ələ keçirib.

Polis Edik Rüstəmovu saxlayıb və Rayon Polis Şöbəsinin əməkdaşları pulu götürmək üçün onu şəhər kənarındakı meşə zolağına aparıblar. Meşədə Edik Rüstəmovla cinayətkar əlaqələri olan Qusar şəhər sakinləri Faiq Şahmuradov və Ramiz Rəhimxanov polisə hücum ediblər. Odlu silahdan açılan atəş nəticəsində polis mayoru Qalib Quliyev həlak olub, digər 3 əməkdaş isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Qatillərin zərərsizləşdirilməsi məqsədilə keçirilən xüsusi əməliyyat zamanı həmin şəxslər avtomat, tapança və əl qumbaralarından istifadə etməklə polisə şiddətli müqavimət göstəriblər. Nəticədə Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qrupu Faiq Şahmuradov və Ramiz Rəhimxanovu məhv edib.

Meşə massivində xüsusi hazırlanmış və öldürülən şəxslərin gizləndiyi sığınacağa baxış zamanı 1 avtomat, 2 tapança, çoxlu sayda əl qumbaraları, süngü-bıçaqlar və digər döyüş sursatları, həmçinin xeyli miqdarda müxtəlif ərzaq məhsulları götürülüb.

Faktla bağlı zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 

Müəllif | Apa.Tv
Vəli Turan