İrəvanda qiyamçılarla atışma: 3 nəfər yaralandı, 2 silahlı təslim oldu
İrəvanda polis alayının binasını ələ keçirmiş silahlı qrupun iki üzvü polisə təslim olub.
APA TV-nin erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib. Onun sözlərinə görə, təslim olan silahlılar Qaqik Yegiazaryan və Aram Akopyandır.
“Polis alayı binasının həyətində atışma baş verib. Nəticədə polis zabiti və silahlı qrupun üzvləri Pavel Manukyan və onun oğlu Aram yaralanıblar. Yaralılar xəstəxanaya aparılıb”, - deyə Aşot Aqaronyan bildirib.
Daha sonra atışma dayandırılıb və silahlı qrupun üzvlərinin təslim olması istiqamətində danışıqlar davam etdirilir. Bundan əvvəl isə İrəvanın mərkəzində etirazçıların yürüşü olub.
Etiraz aksiyasının təşkilatçıları yürüşü bir neçə küçədən keçməklə Polis və Milli Təhlükəsizlik Xidmətinin binalarınadək davam etdiriblər. Daha sonra isə onlar Xorenatsi küçəsindəki toplanış yerinə qayıdıblar. Politoloq Andrias Qukasyan etirazçılar qarşısında çıxış edərək yürüşün marşrutunu elan edib.
Qeyd edək ki, bundan əvvəl polis xəbərdarlıq edərək, aksiyanı başqa ünvanda keçirməyi təklif edib. Lakin etirazçılar buna məhəl qoymayaraq, qadağan olunmuş yerə toplanıblar.
Xatırladaq ki, iyulun 17-də "Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvləri Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt ediblər. Nəticədə 1 polis əməkdaşı öldürülüb, 4 polis əməkdaşı yaralanıb. Silahlılar sonrakı günlərdə girov götürdükləri 7 polis əməkdaşını azad ediblər. Polis binasını zəbt edən silahlılar Jirayr Sefilyanın azadlığa buraxılmasını, S.Sarkisyanın prezident postundan istefasını tələb ediblər.