Bakıda 58 yaşlı qadını maşın vurub öldürdü
Bakıda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.
Yolu keçmək istəyən 58 yaşlı Ulduz Bəbir qızı Məmmədovanı "VAZ-21015" markalı avtomobil vurub. Hadisəni törədən sürücü Kərim Abdulov daha sonra yaralını avtomobilinə qoyaraq xəstəxanaya aparıb. Həkimlərin səylərinə baxmayaraq, yaralını xilas etmək mümkün olmayıb.
Hadisə barədə polisə məlumat verilib. Sürücü Kərim Abdulov polis tərəfindən saxlanılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.