Olland: "Biz islamçılıqla mübarizədə qalib gələcəyik"
Fransanın Normandiya əyalətində kilsədə baş verən faciədən sonra Fransa prezidenti xalqa müraciət edib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, canlı yayımlanan müraciətində Fransua Olland ölkəsinin islamçılıqla mübarizəsinin xeyli vaxt aparacağını bildirib.
Prezident həmçinin terrorçuların əsas məqsədinin Fransanı parçalamaq və əhali arasında qarşıdurma yaratmaq olduğuna diqqət çəkib: "Hökumət terrorçuluqla mübarizədə qərarlıdır. Beşinci respublikanın tarixində heç vaxt bu məqsədlə bu qədər qüvvə səfərbər edilməyib. Biz islamçılıqla mübarizə aparırıq və mən deməliyəm ki, bu mübarizə xeyli vaxt aparacaq".
Ölkə rəhbəri həmçinin təhlükəsizlik qüvvələrinin mövcud qanunlardan fövqəladə vəziyyət rejimində yararlanmaqda qərarlı olduğunu, bunun da yeni terror hücumlarının qarşısının alınması məqsədi daşıdığını bildirərək, siyasi opponentlərini demokratik dəyərlərə hörmətlə yanaşmağa çağırıb: "İndi hədəfdə olan ölkəmizin demokratiyasıdır. Biz isə demokratiyadan qalxan kimi istifadə edəcəyik. Ölkəmizin gücü onun bütövlüyündədir. Hörmətli Fransa vətəndaşları, gəlin, bir məqsəd ətrafında birləşək. Çünki biz, məhz bu halda savaşda qalib gələcəyik. Mən sizi əmin edirəm ki, nifrət və fanatizmə qarşı müharibənin qalibi məhz biz olacağıq. Tam əmin edirəm ki, biz qalib gələcəyik".
Fransanın dövlət başçısı ilə Roma papası Fransisk arasında telefon danışığı olub. Prezident ölkəsi adından keşiş Jak Amelin qətli ilə əlaqədar Roma papasına başsağlığı verib. Öz növbəsində Vatikan baş verən hadisəni qətiyyətlə pisləyib.
Qeyd edək ki, iyulun 26-da Fransanın şimalındakı Normandiya əyalətində yerləşən kilsələrdən birinin keşişi iki nəfər tərəfindən amansızlıqla öldürülüb. Həmin şəxslər eyni zamanda bir neçə nəfəri də girov götürüb. Keçirilən əməliyyat zamanı cinayətkarlar polis tərəfindən zərərsizləşdirilib. Hadisəyə görə İŞİD məsuliyyəti üzərinə götürüb.
Bu arada Avropanın bir neçə ölkəsində, o cümlədən Böyük Britaniyada kilsələr yerləşən ərazilərdə polis nəzarəti gücləndirilib.