Dünya Bankı neft qiymətləri üzrə proqnozunu 2 dollar artırdı
Dünya Bankı 2016-cı il üzrə neft qiymətləri proqnozunu açıqlayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bank göstərilən dövr 1 barel üçün qiymətlərin apreldə məlum olduğu kimi 41 deyil, 43 dollar olacağını bildirib.
Bu barədə məlumat bankın hər kvartal üzrə yayımladığı ənənəvi hesabatda yer alıb.
Sənəddə həmçinin bu faktorun səbəblərinə də toxunulub. Qeyd edilib ki, əsas səbəblərdən biri ikinci rübdə tələbatın artması fonunda neft idxalında yaranan ləngimələrdir.
Hesabatda göstərilir ki, göstərilən dövrdə Kanadada baş verən yanğınlar və Nigeriyanın neft sektorundakı özbaşınalıq səbəbindən neftin qiymətində 37 faiz artım qeydə alınıb.
Nəhəng analitika şirkətlərindən birinin mütəxəssisi Con Baffes 2016-cı ilin ikinci yarısında "qara qızıl" ehtiyatlarının azalması ilə qiymətlərin bir qədər də artacağını qeyd edib.
Ümumilikdə hazırkı proqnozlara görə enerji daşıyıcılarının qiyməti ötən ilə nisbətdə 16,4 faiz aşağı düşəcək.
Dünya Bankı isə öz növbəsində qiymətlərdə bir qədər sabit azalma proqnozlaşdırır. Yeri gəlmişkən, aprel ayı üçün açıqlanan məlumatlarda, bu göstərici 19,3 faiz təşkil edib.
Bəzi məhsul qiymətlərinin əvvəlki səviyyəyə qayıtmasına baxmayaraq, bank əsas xammalın dəyərinin bir qədər də ucuzlaşacağını deyib.
Qeyd edək ki, ICE birjasında bağlanan son fyüçerslərdə Brent markalı neftin qiyməti 45 dollardan da aşağı düşüb. Ötən günün sonuna olan məlumata görə, sentyabr füçersləri 44,79 dollar civarında tərəddüd edir.