Davudoğlu: "Rusiya təyyarəsinin vurulması ilə bağlı təlimatı mən verdim"
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu hökumət rəhbəri olarkən səsləndirdiyi "Rusiya təyyarəsinin vurulması əmrini mən verdim" bəyanatına aydınlıq gətirib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Davudoğlu bu məsələnin məqsədli şəkildə gündəmə gətirildiyini deyib.
"Arxada plan quranlar bilsin ki, həmin vaxt ölkəmiz üçün ciddi təhlükə yaranmışdı. Rusiya ötən ilin sentyabrından ard-arda hava məkanımızı pozmağa başladı. Sərhədlərimiz tez-tez pozulurdu və nəinki Suriyaya, istənilən ölkəyə məxsus təyyarənin və helikopterin vurulması ilə bağlı qərar verildi. Baş Qərargah rəisinə də bu barədə təlimat verildi. Həmin təlimatı mən verdim", - deyə Əhməd Davudoğlu bildirib.
Xatırladaq ki, Rusiyaya məxsus “SU-24” döyüş təyyarəsinin türkiyəli pilot tərəfindən vurulması təkrar araşdırılacaq. Bunu isə Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak bildirib.
“Düşünürəm ki, Rusiya təyyarəsi ilə bağlı insident təkrar araşdırılacaq”, - deyə nazir bildirib.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Yasin Aktay bildirib ki, Rusiyaya məxsus “SU-24” bombardmançı təyyarəsini vurmaq qərarını türkiyəli pilot özü verib.