Rusiya Türkiyə ərazisində AES tikəcək - 22 MİLYARD DOLLARA
Rəsmi Ankara həm "Türk axını", həm də ölkədə atom-elektrik stansiyasının tikintisi sahələrində Rusiya ilə əlaqələri bərpa etməyə razılıq verib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu razılıq artıq hər iki dövlətin müvafiq nazirlikləri səviyyəsində də təsdiqlənib.
Verilən xəbərlərdə Türkiyə baş nazirinin müavini Mehmet Şimşek və onun Rusiyalı həmkarı Arkadi Dvorkoviç ölkələr arasındakı ticari-iqtisadi əlaqələrin bərpasına hazır olduqlarını bəyan edib.
A.Dvorkoviç jurnalistlərə verdiyi açıqlamada tərəflərin Rusiya vətəndaşlarının təhlükəsizliyinə təminat veriləcəyi təqdirdə ölkələrarası hava nəqliyyatı əlaqəsinin də bərpa ediləcəyini deyib.
Nazirin sözlərinə görə, tərəflər Türkiyədə "Akkuyu" AES-in inşa ediləcəyini də razılaşdırıb. Hazırda isə Türkiyə tərəfi bu məsələ ilə bağlı hüquqi-normativ baza üzərində iş aparır. Layihənin maliyyə dəyərinə gəlincə, onun 22 milyard dollara başa gələcəyi bildirilir.
"Türk axını" layihəsinə gəlincə, layihə çərçivəsində Qara dəniz vasitəsilə qaz kəmərinin çəkilməsi nəzərdə tutulur. Türkiyə tərəfinin Rusiyaya məxsus "Su-24" təyyarəsini vurmasından sonra belə Rusiya rəhbəri Vladimir Putin ölkəsinin bu layihədən imtina etməyəcəyini açıqlayıb.
Türkiyə “Türk axını” qaz boru layihəsinin birinci xəttinin tikintisinə başlamağa hazırdır, danışıqlar davam etdirilir. Layihənin reallaşdırılması ilə bağlı məsələnin nizamlanmasına dair siyasi qərar mövcuddur". Bunu jurnalistlərə açıqlamasında Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi bildirib.
İllik ötürmə gücünün 63 milyard kubmetr olduğu “Türk axını” qaz borusunun tikintisinə dair saziş 2014-cü ildə imzalanıb. Sonradan layihə iki ölkə arasında münasibətlərin pozulması səbəbindən dondurulmuşdu.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 9-da Rusiyanın Sankt-Peterburq şəhərinə gedəcək.