Qaxda "Qaraca qız" filmi gerçək oldu: ilan sancan dostunu xilas etdi

Qaxda çay kənarında istirahət edən kişini ilan sancıb.

 

Qax Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA TV-yə  verilən məlumata görə, iyulun 26-da saat 23:30 radələrində Qax şəhəri Məmmədəli Məmmədov küçəsi ev 15-də yaşayan 1970-ci il təvəllüdlü Əhməd Məmmədiyyə oğlu Hacıyev ilan sancma xəsarəti ilə, onunla eyni küçədə yaşayan 1986-cı il təvəllüdlü Elşən Yaqub oğlu Musayev isə zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi zamanı məlum olub ki, Əhməd Hacıyev və Elşən Musayev axşam saatlarında Kürmük çayının kənarında istirahət edən zaman ilan qəfildən Əhməd Hacıyevin sol ayağının topuq nahiyəsindən sancıb.

 

İlan sancmasından sonra Elşən Musayev dostu Əhməd Hacıyevin ilan sancan nahiyəsindən zəhər bədənə keçməsin deyə bir neçə dəqiqə ərzində zəhər qarışığı olan qanı sorub. Müayinə zamanı Elşən Musayevin ağzında kariyesli dişlər aşkarlanıb. Bu səbəbdən Elşən Musayevdə qismən zəhərlənmə əlamətləri büruzə verib.

 

Hər iki şəxs xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib. Əhməd Hacıyevə lazımı tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Lazımi tibbi yardım göstərilən Elşən Musayevə ilan zəhərinə qarşı zərdab vurulmasa da, o, həkim nəzarəti altındadır.

 

Qeyd edək ki, bu hadisə "Qaraca qız" filmindəki məşhur səhnənin bənzəridir.

 

Müəllif | Apa.Tv
Apa.tv