Lənkəranda iki gəlinin cehizi yanıb kül oldu

Lənkəranda güclü yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə iyulun 27-də günorta saatlarında rayonun Boladi kənd sakini, 1954-cü il təvəllüdlü Rasif Möhübbət oğlu İsmayılova məxsus ikimərtəbəli, dörd otaqlı fərdi yaşayış evində qeydə alınıb.

 

Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 180 kv. m olan ev içindəki məişət avadanlıqları ilə yanaraq yararsız vəziyyətə düşüb.

 

İki gəlininin cehizlərinin hadisə nəticəsində məhv olduğunu deyən ev sahibinin sözlərinə görə, yanğın kiçik tutumlu maye qaz balonundan qaynaqlanıb: "Təbii qazın verilişi kəsildiyindən, uşaqlar yuxarıda çaydanı maye qaz balonunun üstündə qoyaraq aşağı düşüblər. Diqqətsizlikdən qaz balonundan alov ətrafa yayılıb və yanğın baş verib".

 

Hadisənin səbəbləri həyata keçirilən ekspertizanın yekun rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv