Göyçayda taksi 23 yaşlı oğlanı vurdu
Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 14:30 radələrində Göyçay şəhərinin M.Hüseynzadə küçəsində qeydə alınıb.
Rayonun Mallı-Şıxlı kənd sakini Elsəvər Xəlilov 20 CN 941 dövlət nömrə nişanlı “VAZ-2109” markalı minik avtomobili ilə yolu keçən Ərəbşahverdi kənd sakini, 1993-cü il təvəllüdlü Ağarəhimov Sənan Xanəhməd oğlunu vurub. Ağır bədən xəsarətləri alan Sənan Ağarəhimov təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda koma vəziyyətində olan Sənan Ağarəhimovun səhəti həkimlərin səyinə baxmayaraq, daha da ağırlaşıb. Müalicə üçün Bakıdan rayona həkim dəvət edilib.
Hadisəni törədən taksi sürücüsü Elsəvər Xəlilov saxlanılıb. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.