Şəki və Zaqatalada səyyar “ASAN Xidmət” fəaliyyətə başlayıb
“ASAN Xidmət” Şəki və Oğuz rayonlarının sakinlərinə xidmət göstərməyə başlayıb. Oktyabrın 19-dan noyabrın 2-dək Şəki və Oğuz rayonlarının 215000-dən çox sakini Şəki şəhərində səyyar “ASAN xidmət”dən yararlana biləcəklər.
Səyyar xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
“ASAN Xidmət”in beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdiri Azad Cəfərli deyib ki, 2013-cü il yanvarın 15-dən etibarən 650 mindən artıq Azərbaycan Respublikası vətəndaşı “ASAN Xidmət” çərçivəsində dövlət xidmətlərindən yararlanıb.
“Biz tam əminik ki, burada, yəni Şəki şəhərində göstərilən səyyar xidmət sayəsində bu say daha da artacaq, vətəndaş məmnunluğu baxımından bizim göstərdiyimiz nəticələr daha da yüksələcək”.
Səyyar “ASAN” xidmət Şəkidən sonra Şimal-Qərb bölgəsinin daha bir iri yaşayış məntəqələrindən olan Zaqatalaya gedəcək.