Abşeronda 11 evdən oğurluq edən Şahbuz sakini tutuldu

Abşeron Rayon Polis İdarəsinə rayonun Hökməli, Nübar və At yalı qəsəbələrindən oğurluqların edilməsi barədə şikayət ərizələri daxil olub.

 

APA TV-nin xəbərinə görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Şahbuz rayon sakini, 22 yaşlı Kənan Malik oğlu Sadiqli yaxalanıb.

 

Məlum olub ki, o, son 5 ay ərzində Abşeron rayonu ərazisində 11 evdən oğurluq edib. Saxlanılan şəxslə söhbət zamanı o, mənzillərdə heç kimin olmadığına tam əmin olduqdan sonra daxil olduğunu bildirib.

 

İfadəsində Kənan Sadiqli oğurladığı əşyaları sataraq, əldə etdiyi pulu şəxsi istifadəsi üçün xərclədiyini deyib.

 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin “Oğurluq” maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv