Bu yayın geyim dəbi - REPORTAJ

Hər mövsümdə özəlliklə xanımları maraqlandıran mövzulardan biri geyim tərzi ilə bağlı dəbdir. Üslub, parçalar, kəsimlər, rənglər və s. məqamlarla bağlı trendlər diqqət mərkəzində olur.

 

Modelyer Gülnarə Xəlilova APA TV-yə açıqlamasında bu və digər məqamlar haqqında xanımları maraqlandıran sualları cavablandırıb, ilk növbədə hansı üslubların dəbdə olacağı barədə məlumat verib: “Bu yay mövsümündə həm idman üslubu, həm şən əhval-ruhiyyəli, həm “peçvork” - qurama parçalardan ibarət üslub, həm də monotonluq dəbdə olacaq. Amma hər birində özəlliklər olacaq. Məsələn, sadə geyimlərdə maraqlı kəsimlər önə çıxacaq. Şən əhval-ruhiyyəli dediyimiz zaman naxışlı parçaların üzərində cizgi film qəhrəmanlarının obrazları, yaxud çiçəklərin çoxluğu gündəmdə olacaq”.

 

Gündəlik həyat tərzində ən rahat üslublardan biri də idman üslubudur. Bu mövsümdə də idman tərzi aktualdır. Amma bir qədər fərqli formada: “Budəfəki idman üslubunda həcmli görüntülər var. Gödəkçələrin, şalvarların həcmli olması və ya hər hansı elementlərin həcmli olması aktual olacaq. Həm kişilər, həm də xanımlar bu formada geyimlərdən istifadə edə biləcəklər”.

 

Aksesuarlara gəlincə, Gülnarə xanım qeyd edib ki, xanımların qarderobunda şərflər, kəmərlər, bəzək əşyaları, eynək, çanta, ayaqqabı olarsa, sadə geyimləri hər dəfə fərqli formada təqdim etmək olar. Parçalar baxımından seçim çoxdur. Həm növ, həm də rəng baxımından: “Çox parça assortimenti var. Pambıq, ipək, şifonlar çox istifadə olunacaq. Üzəri daşlarla, muncuqlarla işlənmiş parçalar gündəmdədir. Bəzən saya parçalara bəzəklər əlavə olunur. Zeytun yaşılı rəngi, göy və qırmızı rənglərin bir çox tonları, ağ və qara artıq illərdir həm yayda, həm də qışda gündəmdədir. Boz, açıq və tünd qəhvəyi rənglərin çalarları dəbdə olacaq”. 

 

Bu gün ayaqqabı dükanlarında seçim çoxdur. Əvvəlki illərdən fərqli olaraq, istifadəçilər son zamanlar dəbdə olan deyil, məhz rahat olan ayaqqabılara üstünlük verirlər. İstehsalçılar da bu məqamı nəzərə alırlar. Dəb həvəskarları üçün bildirək ki, istər platforma, istər yastı, istərsə də dabanlı, yumru burun və üçbucaqvari ayaqqabılar trenddir. Çanta seçiminə gəldikdə, həcmli modellərə üstünlük vermək olar. Saçaqlı çantalar gündəmdədir. Eyni rəngli çantalarda minimalizm nəzərə çarpır. Papaq və eynək seçimi isə üz quruluşundan asılı olaraq alınmalıdır. Modelyer bildirib ki, bəzən xanımlar sırf dəbdə olan şlyapa və gün  eynəklərini əldə edirlər, amma yaraşıb-yaraşmadığını nəzərə almırlar. Gülnarə xanım zərif cinsin nümayəndələrinə dəb arxasınca qaçmamağı, əksinə, özünəməxsus və ən əsası, yaraşan üslubda görünməyi məsləhət görür.

 

Müəllif | Apa.Tv
Apa.tv