Rusları döymüş AZƏRBAYCANLI TAEKVONDOÇU Rusiya yığmasından uzaqlaşdırılacaq
Nijni Taqildə azərbaycanlı və rus şagirdlər arasında kütləvi davanın iştirakçıları cəzalandırılacaq. Şəhər Dumasının rəhbəri taekvondo üzrə ikiqat dünya çempionu Aleksandr Maslov bildirib ki, kütləvi davanın təşkilatçılarından olan 17 yaşlı Tahir Məmmədovun idman yarışlarından ömürlük uzaqlaşdırılmasına dair təqdimat hazırlanıb. Onun sözlərinə görə, taekvondo üzrə Avropa Kubokunun mükafatçısı olan azərbaycanlı Tahir Məmmədova qarşı bu cəzanın tətbiqini idman ictimaiyyəti dəstəkləyib.
Taekvondo üzrə Rusiya yığmasının üzvü olan Tahir Məmmədov isə “Rossiyskaya qazeta”ya açıqlamasında bildirib ki, baş verənlər kütləvi dava deyil, yarış kimi bir şey olub: “Ora bizi təhqir edənləri cəzalandırmaq üçün getmişdik. Əlbəttə ki, Nikitanı diz çökdürmək düzgün addım deyildi. Sadəcə, özümüzü ələ ala bilmədik”.
Artıq kütləvi davada iştirak edən Tahir Məmmədovun məşqçilərinə və məşq etdiyi Olimpiya Ehtiyatları Mərkəzinin direktoruna şiddətli töhmət verilib. Qeyd edək ki, Nijni Taqildə azərbaycanlı və rus şagirdlər arasında kütləvi dava rusların sosial şəbəkədə soydaşlarımızın ünvanına sərt ifadələr işlətməsindən sonra baş verib. Kütləvi davada azərbaycanlı şagirdlər onları təhqir edənləri əzişdiriblər. Davanın görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra faktla bağlı cinayət işi başlanıb.