Sumqayıtda bədbəxt hadisə: 25 yaşlı qız hovuzda boğuldu

Ötən gün Sumqayıtda yerləşən idman komplekslərindən birində bədbəxt hadisə baş verib.

 

APA TV-nin məlumatına görə, idman kompleksinin hovuzunda üzən 1991-ci il təvəllüdlü, Sumqayıt şəhəri, 1-ci məhəllə sakini Ülkər Muradova boğularaq dünyasını dəyişib.

Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, 25 yaşlı Ülkər Muradova hər il yay tətilində adıçəkilən kompleksə üzməyə gəlirmiş və üzgüçülük həvəskarı olub. İyulun 27-də kompleksə gələn Ü.Muradova yenidən hovuzda üzməyə başlayıb. Bir müddətdən sonra onda qəfil ürək tutması baş verib və boğulub. Hovuz nəzarətçilərinin dərhal hadisəyə müdaxilə etməsinə və ona süni nəfəs verilməsinə baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, mərhum Ülkər Muradova Qubadlı Rayon Xəstəxanasında işləyirmiş.

 

Müəllif | Apa.Tv
Apa.tv