Bakıda xeyriyyə aksiyası: əlillərə araba bağışlandı

Türkiyə İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində 37 əlil arabası ehtiyacı olan şəxslərə paylanıb.

 

APA TV-nin məlumatına görə, tədbirdə TİKA sədri Mustafa Haşim Polat çıxış edərək, layihə barəsində ətraflı məlumat verib.

 

Natiq indiyədək sağlamlıq imkanları məhdud şəxslər üçün bir sıra faydalı layihələrin həyata keçirildiyini və bu fəaliyyətin bundan sonra da davam etdiriləcəyini bildirib. O, həmçinin sağlamlıq imkanı məhdud olanların bir sıra peşə istiqamətləri üzrə kurslara cəlb edildiyini diqqətə çatdırıb.

 

Gəncliyə Yardım Fondu Himayəçilər Şurasının sədri Ahmet Tecin isə belə bir sosial layihəyə dəstək verməkdən məmnunluğunu ifadə edib. O deyib ki, hazırda da Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən xeyriyyəçilik məqsədli layihələrin icrası davam etdirilir. Onun sözlərinə görə, təmsil etdiyi fond mütəmadi olaraq bu cür aksiyalara dəstək olmaqda davam edəcək.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Adət İbrahimov isə deyib ki, bu gün sağlamlıq imkanları məhdud şəxslərə qayğının göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Sektor müdiri layihənin icra edilməsində əməyi olan hər kəsə təşəkkür edib.

 

Tədbirin yekununda TİKA-nın təşəbbüsü ilə alınan əlil arabaları ehtiyacı olan şəxslərə təqdim olunub.

Müəllif | Apa.Tv
Apa.tv