Gürcüstanın Azərbaycan qazından asılılığı azalacaq: RUSİYA-İRAN-ERMƏNİSTAN İŞBİRLİYİ
Ermənistan üzərindən İran qazının Gürcüstana nəqli ölkənin "mavi yanacağa" olan tələbatının dörddə birini ödəyəcək və Azərbaycandan asılılığını azaldacaq. Hazırda Gürcüstan qaz olan tələbatının 80 faizini Azərbaycanın hesabına ödəyir.
"APA-Economics" "Eurasia Daily" portalına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun direktorunun müavini Aleksey Qrivaç bildirib.
A.Qrivaç iddia edir ki, mövcud infrastruktur ucbatından Gürcüstan İran yox, Rusiya qazını alacaq. O qeyd edib ki, müqavilənin şərtləri ilə tanış omasa da, sözügedən sxem üzrə nəqlin "Qazrpom"un icazəsi olmadan mümkünsüzlüyü dəqiqdir. Çünki Ermənistanın qaz kəməri yoxdur, oradan keçən kəmər isə Rusiyaya məxsusdur. Bu səbəbdən, faktiki olaraq, İran qazının Gürcüstana tranziti qeyri-mümkündür: "Belə çıxır ki, söhbət svop əməliyyatdan gedir: İran Ermənistana 500 milyon kubmetr qaz nəql edir, əvəzində Rusiya həmin həcmdə qazı Gürcüstana satacaq. Bu yolla Ermənistan qaz nəqlinin təhlükəsizliyini də artırır. Çünki Gürcüstanadək uzanan kəmərin 30-dan çox yaşı var, dağlıq ərazidən keçir və istismara yararsız hala düşüb. Beləliklə, Gürcüstan Azərbaycanın ona verə bilmədiyi əlavə qaz həcmini alır. Azərbaycan neft hasilatını dəstəkləmək üçün qaz hasilatını azaltmağa məcburdur. Buna görə, Gürcüstan yeni təchizatçı axtarır. Məlum siyasi səbəblərdən Gürcüstan Rusiyadan qaz ala bilmir. İranla svop əməliyyatı hesabına Gürcüstan qaz defisiti problemini həll edə bilər", - deyə Qrivaç əlavə edib.