Təbriz, Urmiyə və Zəncanda azərbaycanlıların etiraz aksiyaları - HƏBSLƏR BAŞLADI

İranın Zəncan vilayətində ictimai-fəal, şair Ərsalan Zənganlı həbs olunub. APA TV-nin Zəncan sakinlərinə istinadən xəbərinə görə, onun həbs olunmasına səbəb Zəncan şəhərində keçirilən mitinqdə çıxış etməsi göstərilir.


Videodan da göründüyü kimi, Ərsalan Zənganlı çıxışında mədəni tələblər irəli sürür, İranda yaşayan azərbaycanlıların öz dilində təhsil almasını tələb edir. Onun hansı həbsxanaya aparıldığı dəqiq bilinmir.
 

Qeyd edək ki, Ərsalan Zənganlı şair və ictimai-fəaldır. Zəncanın mədəni həyatında və həmvətənlərinin problemlərinin həll olunmasında yaxından iştirak edir.


BBC xəbər verir ki, İranın Qərbi və Şərqi Azərbaycan, Zəncan əyalətlərində etirazlar yerli qəzetin türkləri təhqir edən ifadələr dərc etdikdən sonra başlayıb. "Yeni Layihə" qəzeti bir həftə öncə dərc olunan sayında "Şahnamə" əsərini uşaqlara izah edərkən türk döyüşçünü təhqiramiz ifadələrlə təsvir edib və bunu əsərdən sitat kimi təqdim edib.
 

Çərşənbə axşamı günü Təbrizdə də minlərlə adam qəzetin yeni tərtibatına etiraz olaraq nümayişə çıxıb. Məlumatlara görə, bir nəfər həbs olunub.
 

İzdihamı göstərən və internetdə yayılan videolarda "Haray, Haray Mən Türkəm", "Ölüm olsun faşistə" şüarlarının səsləndirildiyini görmək olar. Etirazçılar həmçinin "Azərbaycan milləti, çəkəməz bu zilləti" şüarını səsləndiriblər.
 

Azərbaycanlılar Urmiyədə də eyni məsələ ilə bağlı etirazlar keçirməyə cəhd etsələr də, əraziyə təhlükəsizlik qüvvələri yeridildiyindən toplaşanların sayı çox olmayıb. 3 nəfər saxlanılıb, onlardan ikisi hələ də həbsdədir.

Müəllif | Apa.Tv
Apa.tv