Qazaxda özünü vergi xidmətinin əməkdaşları kimi təqdim edən dələduzlar tutuldu

Qazax rayonunda özünü vergi xidmətinin əməkdaşları kimi təqdim edən 3 nəfərdən ibarət qrup ifşa edilib.

 

Qazax Rayon Polis Şöbəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, şöbə əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində özünü vergi xidmətinin əməkdaşı kimi təqdim edərək mağaza, səyyar satış mərkəzləri və yol kənarlarında meyvə tərəvəz satan şəxslərə yaxınlaşaraq onların satdığı məhsulun ya keyfiyyətsiz, ya da müddətinin keçməsini bəhanə gətirərək onlardan bunun əvəzində pul tələb edən 3 nəfər Bərdə rayon sakinləri - Atabəy Seyidzadə, Məhəmməd Bayramov və Ağdam rayon sakini Sahib Ağayev saxlanılıb.

 

Həmin şəxslər saxlanılarkən onların üzərində “Sahibkarlıq və Hüquq” MMC-yə məxsus vəsiqələr aşkar edilib. Çox güman ki, onlar dələduzluq əməllərini həyata keçirən zaman vətəndaşlara həmən vəsiqələri təqdim ediblər.

 

Yoxlama zamanı dələduzluq edən şəxslərin üzərindən Ağcabədi, Tovuz, Şəmkir, Gəncə kimi şəhərlərdən toplanmış qəbzlər tapılıb. Bu şəxslər tərəfindən aldadılan və şantaja məruz qalan şəxslərdən Qazax Rayon Polis Şöbəsinə müraciət etmək xahiş edilir.

Müəllif | Apa.Tv
Azər Məmmədli