Qeyri-sabit hava şəraiti iyulun sonuna kimi davam edəcək
Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraiti iyul ayının sonuna kimi davam edəcək.
Bu barədə APA TV-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev məlumat verib.
Onun sözlərinə görə, şimşək çaxacağı arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu aran rayonlarında gündüz saatlarında 28-33 dərəcə, dağlıq rayonlarda 16-21 dərəcə isti təşkil edəcək: "Bakıda və Abşeron yarımadasında hava şəraitinin yaxın iki-üç gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 dərəcə isti, gündüz 27-31 dərəcə isti gözlənilir. Meteoroloji amillərin mülayim tərəddüdləri gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişli olacaq".
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.
Avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var.