Sığortalanmayan əmanətlər də qaytarılacaq

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən lisenziyaları ləğv olunan 4 bank üzrə kompensasiya olunan əmanətlərin həcmi 110 mln. 714 min manat təşkil edir.

 

APA TV-nin xəbərinə görə, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, kompensasiyaların verilməsi hər bir bankın özü tərəfindən aparılacaq. Sığortalanan əmanətlər üzrə kompensasiyalar ödənildikdən sonra lisenziyası ləğv olunan dörd bankda sığortalanmayan əmanətlərin qaytarılması həyata keçiriləcək.

 

A.Cavadov qeyd edib ki, sığortalanmayan əmanətlərin qaytarılması üçün lisenziyası ləğv olunan 4 bankın kifayət qədər vəsaiti var. Həm sığortalanan, həm də sığortalanmayan əmanətlər üzrə ödənişlər sığorta hadisəsi baş verən günə qədər olan faizlərlə birgə ödəniləcək.

 

A.Cavadov əmanətçiləri tələsməməyə çağırıb və bildirib ki, onların əmanətlərinin ödənilməsində heç bir problem olmayacaq. Belə ki, Əmanətlərin Sığortalanması Fondu artıq kredit üçün Azərbaycan Mərkəzi Bankına müraciət edib. Öz növbəsində Mərkəzi Bank kreditin ayrılması üçün Maliyyə Nazirliyinə müraciət edib. Bu gün kredit xəttinin açılması məsələsinin tamamlanması gözlənilir. Kredit iki illik müddətə veriləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv