14 yaşlı lənkəranlı güləşçi Avropa çempionatında erməni rəqibini məğlub etdi
İsveçin paytaxtı Stokholmda keçirilən Avropa çempionatında “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran filialının sərbəst güləşçisi, 14 yaşlı Mahir Məmmədzadə Ermənistan təmsilçisi Arakel Movsesyanı tam üstünlüklə məğlub edib.
APA TV-nin cənub bürosunun məlumatına görə, qitə çempionatında 42 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulan həmyerlimiz erməni rəqibinə 10:0 hesabı ilə qalib gəldikdən sonra finala qədər də uğurla irəliləyib.
Erməni idmançısının ardınca Moldova və Rusiyadan olan güləşçiləri də üstələyən Mahir Məmmədzadə final görüşündə digər Azərbaycan təmsilçisi ilə qarşılaşıb. Komanda yoldaşı Maqomedsalix Abakarovla mübarizədə də inamlı qələbə qazanan lənkəranlı idmançı fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Son nəticədə 42 xal qazanan Mahir Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Məşqçi Baba Rzayev: "Mənim sevincimin həddi-hüdudu yoxdur. Mahir Avropa birinciliyində birinci yer qazandı. Bu Azərbaycanın, həm də bizim məktəbin uğurudur. İndi bizim məqsədimiz yeni-yeni nailiyyətlərə imza atmaqdır".
Hazırda Mahir Məmmədzadə təlimlərini Lənkəranda davam etdirir. Onun əsas məqsədi dünya çempionatında da ölkəmizi layiqli təmsil etməyə nail olmaqdır. Bu istiqamətdə məşqçiləri idmançıya böyük ümid bəsləyirlər.
“Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran filialının məşqçisi Şirəli Rzayev: "Mahir Məmmədzadə indi dünya birinciliyinə hazırlaşır. Biz onunla həm fiziki cəhətdən, həm də taktiki cəhətdən hazırlıq keçiririk. Sentyabr ayının 13-də Gürcüstanda keçiriləcək dünya birinciliyində Mahir 42 kq çəki dərəcəsində Azərbaycanı təmsil edəcək. Ümid edirik ki, o, həmin yarışdan da Vətənə qələbə ilə qayıdacaq".
Mahir Məmmədzadəyə uğurlar arzulayır, Azərbaycanın üçrəngli bayrağını beynəlxalq yarışlarda dəfələrlə dalğalandıracağına inanırıq.