Moskvada saxlanan 50 AZƏRBAYCANLI MİQRANT azadlığa buraxılıb

Bir neçə gün öncə Moskvada saxlanılan 50 nəfərə yaxın Azərbaycan vətəndaşı sərbəst buraxılıb. APA TV-nin Moskva müxbirinin verdiyi xəbərə görə, həmyerlilərimiz paytaxtın Oçakovo-Matveyevski rayonunun Polis İdarəsinə aparılıb, müxtəlif cinayətlərdə iştirakı, qeydiyyat sənədlərinin yerində olub-olmadığı yoxlanıldıqdan sonra sərbəst buraxılıb. Rusiya hüquq-mühafizə orqanlarının son günlər miqrantlara qarşı keçirdiyi reydlərə gəlincə isə...

Fərid Əkbərov (APA TV-nin Moskva müxbiri): “İlk günlərlə müqayisədə azalma müşahidə olunsa da, reydlər davam edir. Rusiya rəsmilərini çıxışlarından sezmək olur ki, proses hələ bir müddət davam edəcək".

Moskvanın Qərbi Biryulevo rayonunda yerləşən “Pokrov” topdansatış bazasının icarədarlarına məhsullarını oradan çıxarmağa şərait də yaradılıb. Lakin problem çıxarılan məhsulların yerləşdirilməsi üçün yeni bazaların olmamasıdır. Eyni zamanda “Pokrov” bazasının bağlanması orada çalışan yüzlərlə azərbaycanlı sahibkara ciddi zərər vurub. Belə ki, işsiz qalan həmyerlilərimiz artıq Azərbaycana üz tutub.

Fərid Əkbərov (APA TV-nin Moskva müxbiri): "Azərbaycanın Rusiyadakı səfirliyindən verilən xəbərə görə, hal-hazırda Azərbaycandan Rusiyaya miqrant axını əvvəlki illərlə müqayisədə azalıb. Hazırda Rusiyadan Azərbaycan qayıdanların sayı çoxalmaqdadır. Yəni, bir vaxtlar Rusiyaya gələn miqrantlar hazırda geri qayıdırlar”.
 

Müəllif | Apa.Tv
Apa.tv