İmtahanlarda 600-dən çox bal topladılar - BİR KƏNDDƏN 5 MƏZUN
İsmayıllı rayonunda əvvəlki illərlə müqayisədə bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlər daha çox olub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, təkcə rayonun Cülyan kənd orta məktəbinin builki məzunlarından 12 nəfər yüksək bal toplayıb. Onlardan 5 nəfərin balı isə 600-dən çox olub.
İmtahanlarda abituriyentlərdən Taleh Ağayev 690 bal, Xanım Əşrəfova 674 bal, Xəzər Hüseynov 639 bal, Tacəddin Məmmədzadə 632 bal, Mirdaməd Nəzərli 616 bal toplayıb. Hətta məktəbin keçən ilki qəbul imtahanlarında yüksək bal toplayan iki məzunu prezident təqaüdünə layiq görülüb.
Bu il də yüksək nəticə əldə etmiş abituriyentlər uğurları ilə ailələrinə və müəllimlərinə böyük sevinc hissi bəxş ediblər. Məktəb direktorunun və müəllimlərin sözlərinə görə, hər zaman dərslərinə böyük həvəs və məsuliyyətlə yanaşan bu abituriyentlərdən bundan da yüksək nəticələr gözləyirdilər. Bu il İsmayıllıda orta ümumtəhsil məktəblərini bitirən 885 nəfərdən 470 abituriyent tələbə adı qazanmaq üçün imtahanlarda iştirak edib.