BQXK: İraqda 1 milyon adam evlərini tərk edə bilər

Beynəlxalq Qırmızı Xaç Komitəsi İraq ordusunun Mosul şəhərini “İraq Şam İslam Dövləti” terror təşkilatından azad etmək uğrunda döyüşlərə başladığı bir vaxtda xəbərdarlıqla çıxış edib.

 

APA TV-nin məlumatına görə, xəbərdarlıqda deyilir ki, İraq ordusunun Mosul və ölkənin digər nöqtələrində İŞİD terror təşkilatının silahlıları ilə döyüşləri nəticəsində 1 milyona yaxın adam evlərini tərk etmək məcburiyyətində qala bilər.

 

“Qırmızı Xaç”ın hesablamalarına görə, hazırda İraqda 10 milyondan çox adamın yardıma ehtiyacı var, 3 milyon iraqlı isə köçkündür. Təşkilat xəbərdarlıq edib ki, yeni hərbi əməliyyatlar İraqda ciddi humanitar problem yarada bilər. Beynəlxalq Qırmızı Xaç Komitəsi Mosul ətrafında və digər yerlərdə döyüşlərin intensivləşməsi ilə əlaqədar donorlara əlavə maliyyə üçün müraciət edib. Müraciətdə bildirilir ki, qaçqınların su, qida və tibbi ləvazimatlarla təmin edilməsi üçüm əlavə 17,1 milyon dollara ehtiyac var.

 

Qeyd edək ki, Mosul İraqın ikinci böyük şəhəridir. İŞİD terrorçuları nəzarətdə saxladıqları şəhəri 2014-cü ilin yayından özlərinin İraqdakı paytaxtları elan ediblər. Hazırda İraq ordusu Mosul şəhərinə hücuma hazırlaşır.

Müəllif | Apa.Tv
Apa.tv