Bakı bulvarının balıqçıları – BAZAR GÜNÜ İSTİRAHƏTİ

Nizami Əliyev balıqçı

Çox adam deyir ki, balıq istirahətdir. Biz onu bu gün hiss etmişik.

Nizami Əliyev birinci dəfədir Dənizkənarı Milli Parkda balıq tutmağa gəlir. Bura əsasən həftə sonları həvəskar balıqçılarla dolu olur. Məqsəd isə yorğun iş həftəsinin sonunda istirahəti səmərəli və mənalı təşkil etməkdir.
Ancaq müsahibimiz bu işə yeni başladığından öyrənməli çox şeylərin olduğunu deyir.

«İndi hələlik bizim bəzi ləvazimatlarımız çatmır. Biz indi bilirik ki, bu şeylər lazım imiş”.

Balıqçılar deyir ki, dənizdə balıq qışa nisbətən yayda daha çox olur. Çünki soyuq aylarda balıqlar isti yerlərə və suyun dərinliyinə çəkilir. İndi hava küləkli olduğundan balıqçılar gəldikləri kimi geri dönürlər.

“Hava küləkli olduğu üçün tilovumuza balıq düşməyib. Ancaq əsas odur ki, həftə sonunda bir neçə saatlıq da olsa istirahət edə bildik”.

“Bu gün küləkli olmasaydı, bəlkə də tutmaq olardı. Külək olanda bilmək olmur. Sakit havada elə olub ki, bir gündə 30 dənə balıq tutmuşam”.

Həkimlər deyir ki, balıq tutmaq əsəbləri sakitləşdirir. 30 ildən çoxdur balıqçılıqla məşğul olan Ağəli Əhmədovun fikrincə, balıqçılığı asan peşə hesab edənlər yanılır. Çünki bu işlə məşğul olmaq səbir, dözüm və diqqət tələb edir. Məşhur bir el məsəlində deyildiyi kimi: “Könlü balıq istəyənin quyruğu suda gərək”.
 

Müəllif | Apa.Tv