İrəvanda gərgin gecə: yaralıların sayı 60-a çatdı
Ermənistanın paytaxtı İrəvanda ötən gün axşam saatlarından başlanan gərginlik gecəyədək davam edib.
APA TV-nin məlumatına görə, İrəvanın Azadlıq meydanına toplaşan aksiya iştirakçıları silahlıların ələ keçirdiyi polis binasına doğru yürüşə başlayıblar. Onlar iki həftəyə yaxındır Post-Patrul Xidməti alayının binasını nəzarətdə saxlayan silahlılara dəstək şüarları səsləndiriblər.
Polis aksiya iştirakçılarının qarşısını kəsib və xüsusi vasitələrdən istifadə etməyə başlayıb. Ərazidə atəş və partlayış səsləri eşidilib.
Toqquşmalar nəticəsində azı 60 nəfər xəsarət alıb. APA-nın xəbərinə görə, bu barədə Ermənistan Səhiyyə nazirliyinin mətbuat katibi Anait Aytayan özünün “Facebook” səhifəsində yazıb. Xəsarət alanlardan 2-nin vəziyyəti ağır kimi qiymətləndirilir.