Göyçayın bərbad yolları: taksilər gediş haqqını bahalaşdırıb
Deyirlər, mədəniyyət yoldan başlayır. Yollar rahat, gözoxşayan, hamar və səliqəli olanda insanlar da həqiqətən rahat olur. Təəssüf ki, bu sözləri Göyçayın kənd yolları haqqında demək bir qədər çətindir.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon mərkəzi ilə kəndləri birləşdirən əsas avtomobil yolları bərbad hala düşüb. Bu da yerli sakinlərin narazılığına səbəb olur.
Rayon mərkəzi ilə 10-a yaxın kəndi birləşdirən və 25 kilometr uzunluğu olan Göyçay-Alpoud avtomobil yolunun asfalt örtüyü tamamilə dağılaraq yararsız hala düşüb. Kələ-kötür və daşlı yol sürücülər üçün əsl işgəncəyə çevrilib.
Sakinlərin dediyinə görə, qışda bu yolda vəziyyət daha da çətinləşir. Yağan yağış yollardakı vəziyyəti bir qədər də dramatikləşdirir. Yolların bərbad vəziyyətdə olması avtomobillərin ehtiyat hissələrinin tez sıradan çıxmasına, sürücülərin maddi ziyana düşməsinə səbəb olur. Avtomobillər 15 dəqiqə ərzində getməli olduqları yolu 1 saata getmək məcburiyyətindədirlər.
Kənd sakinlərinin sözlərinə görə, 30 ildən çoxdur istifadə olunan kənd yolları öz ömrünü başa vurub. Asfalt örtüyü sıradan çıxan yol istismara yararsız vəziyyətdədir. Yolların bərbad olması rayonun Alpoud, Dövranlı, Bəydövül, Mırtı və başqa kəndlərinə taksi ilə getməyin qiymətinin iki dəfə artmasına səbəb olub. Bundan başqa, təcili yardım stansiyasının və yanğından mühafizə hissəsinin avtomobilləri çağırış yerinə vaxtında çata bilmir. Rəsmi qurumlar kənd sakinlərini bir qədər səbirli olmağa səsləyərək bildiriblər ki, növbəti illərdə bu yollar təmir edilərək sakinlərin istifadəsinə veriləcək.