Uçuq ev, kasıb həyat, müəllim qayğısı, 692 bal - MƏZUN QIZIN HƏYAT HEKAYƏSİ
Belə bir deyim var: "Oxuyan hər yerdə oxuyur - fərqi yoxdur şəhərdə, yoxsa kənddə". Elə Ağdam rayonundan məcburi köçkün olan 16 yaşlı Aynur Babayeva da belə fikirləşir.
APA TV-nin xəbərinə görə, Aynurun valideynləri düz 23 ildir Bakıda məskunlaşıb. Ailəsi ilə birlikdə Binəqədi rayonunda köhnə bir zavodun həyətində yaşayırlar. Amma bu onun dərslərə marağını və həvəsini heç vaxt azaltmayıb. Özünün dediyi kimi, bəlkə də ailəsinin yaşadığı maddi və mənəvi problemlər ona dərslərini daha yaxşı oxumağa, gələcəyini möhkəm təməl üzərində qurmağa stimul verib.
Binəqədi rayonundakı 314 saylı orta məktəbin məzunu olan Aynur bu il qəbul imtahanlarında cəmi 1 suala səhv cavab verərək, 692 bal toplayıb: "Mən orta məktəbin ilk illərindən oxumağa çox meylli olmuşam. Birinci sinifdən kitablardan ayrılmamışam. Amma bu o demək deyil ki, həmişə əlaçı olmuşam. Arada düşüşlərim də olub. Amma bu, heç vaxt mənim oxumaq istəyimə qarşı çıxmadı, mane olmadı".
Orta məktəbin ilk illərində texniki fənlərə böyük marağı olduğunu deyən Aynur sonradan humanitar fənlərə daha çox meyllənib: "Sadəcə, bir müddət riyaziyyat fənnindən zəiflədim. Valideynlərimin köməyi ilə məktəbi dəyişdim. Elə buna görə istədim ki, qrupumu dəyişim, amma sonradan riyaziyyat fənnindən yaxşı qiymətlər almağa başlasam da, yenə üstünlüyü humanitar fənlərə verdim".
Ən maraqlısı isə odur ki, dərslərini yaxşı oxuduğu üçün təhsil aldığı Binəqədi rayonu 314 nömrəli orta məktəbdəki müəllimləri Asif Salmanov Azərbaycan dili və ədəbiyyat, Ramal Alıyev tarix, Maral Rzayeva riyaziyyat, Ruslan Nuriyev isə ingilis dili fənlərindən onu təmənnasız şəkildə qəbul imtahanına hazırlaşdırıblar. Aynur topladığı 692 balı ailəsi ilə yanaşı, müəllimlərinə də hədiyyə edib: "Ramal və Asif müəllim ailəmin maddi durumundan xəbərdar idilər. Onlar mənim orta məktəb müəllimlərimdir. Hətta məni hazırlaşdırmayanda belə mənə dəstək olublar. 10-cu sinifdən iştirak etdiyim sınaq imtahanlarının nəticələrini onlar yoxlayıblar, bilmədiyim nə olubsa, onu mənə izah ediblər. Onlar ötən yay tətilində özləri bu fikrə gəlib, bizə zəng eləmişdilər. Bu, mənim üçün də böyük sürpriz olmuşdu. Heç gözləmirdim, belə bir şeylə heç vaxt rastlaşmamışdım. Bizə xəbər verdilər, mən də razılaşdım".
Müəllimlərinin bu qərarına valideynlərinin də çox sevindiyini deyən Aynurun sözlərinə görə, ali təhsil almayan valideynlərinin işsiz olması və maddi problemlər repetitor müəllimlərin xidmətindən istifadə etməyə imkan verməyib. Yəni valideynlərinin çəkdiyi əziyyət Aynura oxumaqdan başqa çıxış yolu buraxmayıb.
Həmsöhbətimizin ailədə özündən başqa bir qardaşı və bir bacısı var. Onlar da 314 saylı məktəbdə təhsil alır və yaxşı oxumaları ilə seçilirlər: "Valideynlərim mənə mənəvi dəstək olublar. Mənə həmişə inanıblar, deyiblər ki, sən yüksək nəticə toplayacaqsan. Mənim üçün də ən vacibi həmişə bu olub".
Aynur deyir ki, təhsil aldığı müddətdə, hətta tətillərdə belə özünə sosial şəbəkələrdən istifadəni qadağan edib, internetdən nadir hallarda - yalnız ixtisas seçimi zamanı, bir də təhsillə bağlı nələrisə öyrənmək üçün istifadə edib: "İnternetdən istifadəni özümə qadağan etdim, amma mobil telefonum var. Ondan yalnız ailəmlə əlaqə saxlamsq üçün istifadə etmişəm. Mən heç bir əyləncəyə vaxt sərf etməmişəm. Dərslərimə o qədər bağlı olmuşam ki, məktəbimizin təşkil etdiyi tədbirlərdə belə fəal olmamışam. İndi sevinirəm, yaxşı ki, elə belə olub".
Aynur ADA Universiteti və Dövlət İdarəçilik Akademiyası arasında seçim edəcəyini deyir. O, hüquq və ya beynəlxalq münasibətlər üzrə ali təhsil almaq niyyətindədir: "Özümü siyasətdə daha çox görürəm. Arzuladığım ixtisas üzrə təhsil alacam. Həmyaşıdlarıma da tövsiyəm budur ki, özlərinə inamı itirməsinlər, hədəfləri olsun. İddialı olub məqsədə çatmaq üçün yürüsünlər".
Uğurların davamlı olsun, Aynur!