Bakıda Ümumdünya insan alverinə qarşı mübarizə günü ilə bağlı tədbir keçirildi
"ABŞ insan alverinə qarşı mübarizə sahəsində Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələri ilə fəal əməkdaşlıq edir. İnsan alveri müasir dövrün çağırışlarındandır".
APA TV-nin xəbərinə görə, bu barədə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə missiyasının direktoru Mikaela Meredit Ümumdünya insan alverinə qarşı mübarizə günündə həyata keçirilən ictimai maarifləndirmə kampaniyasının açılışında çıxışı zamanı deyib.
M.Meredit bildirib ki, ABŞ "Azərbaycan-2020: Gələcəyə baxış" konsepsiyasına uyğun olaraq tərəfdaş qismində insan alverinə qarşı mübarizə sahəsində Azərbaycana yardım edir: "USAİD Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə insan alverinə qarşı birgə mübarizə sahəsində fəal əməkdaşlıq edir. ABŞ Dövlət Departamenti bu problemə qarşı mübarizə aparmaq üçün Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə layihələr həyata keçirir. Azərbaycan hökumətinin insan alverinə qarşı mübarizə sahəsində göstərdiyi fəal əməkdaşlığı alqışlayırıq".
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev isə deyib ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində son illərdə böyük nailiyyətlər əldə edib: "Azərbaycanda bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi var, o cümlədən bununla bağlı beynəlxalq əməkdaşlıq tədbirləri, beynəlxalq təşkilatlarla işbirliyi həyata keçirilir. Ölkədə 2008-2009, 2009-2014, 2014-2018-ci illər üzrə həyata keçirilən milli fəaliyyət planları çərçivəsində insan alverinə qarşı mübarizə, insan alveri potensiallarının müəyyən edilməsi, onların maarifləndirilməsi, cəmiyyətə inteqrasiya olunması sahəsində çox ciddi addımlar atılıb. Bu səbəbdən ABŞ Dövlət Departamentinin, Avropa Şurasının, GRETA təşkilatının ekspertlər qrupunun, ATƏT-in səlahiyyətli qurumlarının hesabatlarında Azərbaycanda insan alverinə qarşı mübarizənin səviyyəsi yüksək qiymətləndirilib".
Tədbir sonunda iştirakçılara insan alverinə qarşı mübarizə sahəsinə dair maarifləndirici bukletlər və idman köynəkləri paylanılıb. Tədbir məktəblilərin hazırladığı səhnəciklə başa çatıb.