Lənkəranda fermerlər pomidor satışında çətinliklərlə üzləşib

Cari mövsümdə Lənkəran rayonunun tərəvəz sahələrində bol məhsul yetişib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, məhsul bolluğu yerli əkinçiləri sevindirmək əvəzinə, kədərləndirib. Səbəb isə onların min bir zəhmətlə becərdikləri tərəvəz məhsullarını sata bilməməsidir. Nəticədə satışa yararlı olan tonlarla pomidor elə sahələrdəcə çürüyərək məhv olur.

 

Lənkəranın Ürgə kənd sakini Sərdar Hüseynov 30 ildən çoxdur tərəvəz əkini ilə məşğuldur. Sərdar kişi son illər öhdəsindəki 2 hektar pay torpaq sahəsində əsasən tərəvəz əkir. Lakin builki mövsümdə zəhmət adamı becərdiyi pomidor məhsulunu satmaqda çətinliklərlə üzləşib.

 

Onun sözlərinə görə, becərdiyi tərəvəz sahəsinə 2000 manat xərc çəkib, iki dəfə məhsul yığımı aparıb. Birinci yığım zamanı tədarük etdiyi məhsulun bir kiloqramını 40-50 qəpiyə satmaqla o, yalnız çəkdiyi xərcin yarısını, yəni 1000 manatını çıxara bilib. Hazırda sahədə məhsul bol olsa da, Sərdar kişi onu yığıb harasa təhvil verə bilmir: “Pomidorun maya dəyəri 15 qəpiyə başa gəldiyi halda, tədarük məntəqələri məndən onu 8 qəpiyə götürmək istəyir. Məcbur olub müştəri axtarıram, 100-200 kiloqram satırıq. Müştəri olmayanda isə məhsul sahədə qalıb zay olur.”

 

Mövcud vəziyyətlə qarşılaşan təkcə Sərdar Hüseynov deyil, həm də onun həmkəndliləridir. Ziyana düşdükləri üçün Ürgə əkinçiləri növbəti ildə torpaqları becərməyəcəklərini deyirlər.

 

Azad Hüseynov, fermer: “Xərc çəkmişik, amma məhsul belə də qalıb sahədə. Nə tədarük məntəqəsinə verə bilirik, nə də Rusiya bazarına çıxara bilirik”.

 

Qeyd edək ki, hazırda Lənkəran bazarında pomidorun 1 kiloqramı 15-30 qəpik arası dəyişir. Əkinçilər problemdən çıxış yolunu  məhsulun maneəsiz olaraq Rusiya bazarlarına çıxarılaraq satılmasında görürlər.

Müəllif | Apa.Tv